Babək rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə “Gənclər arasında ailə və nikahın əhəmiyyəti, erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə nazirliyin əməkdaşı Azadə Əliyeva, rayon İcra Hakimiyyətinin nümayəndəsi Lamiyə İbrahimova görüşün əhəmiyyəti barədə danışıb, mövzu ilə bağlı fikirlər səsləndiriblər. Çıxışlarda dövlət tərəfindən gənclərin sağlam mühitdə formalaşması, dünya görüşlərinin zənginləşdirilməsi, o cümlədən ailələrin sosial müdafiəsi ilə bağlı görülən işlər, ailə modelinin qorunması ilə bağlı tətbiq olunan hüquqi mexanizm və bu sahədə həyata keçirilən tədbirlərlə bağlı məlumatlar diqqətə çatdırılıb.
Diskussiya formatında davam edən tədbirdə psixoloq Sahilə Nəcəfova və həkim-ginekoloq Həqiqət Adıgözəlovanın məlumat və tövsiyyə xarakterli fikirləri dinlənilib, mövzu ilə bağlı videoçarx izlənilib. Gəncləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Valideynlər də aktiv şəkildə müzakirələrdə iştirak ediblər.